DİM aprelin 16-da növbəti imtahanlar keçirib

Line Spacing+- AFont Size+- Çap
16.04.2017

DİM aprelin 16-da ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) qəbul olmaq istəyən  əvvəlki illərin məzunları, o cümlədən,  eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən və ya üzrlü səbəbdən 9-cu sinif buraxılış imtahanının 1-ci mərhələsində  iştirak edə bilməyən şəxslər üçün imtahanlar keçirib.

İmtahanda 7177 (Bakı şəhərində 1927, Naxçıvan şəhərində 511, Gəncə şəhərində 980, Sumqayıt şəhərində 334, Şəki şəhərində 313, Bərdə şəhərində 810, Göyçay şəhərində 400, Şirvan şəhərində 641, Lənkəran şəhərində 864, Xaçmaz şəhərində 397) namizədin iştirakı nəzərdə tutulub.

İmtahanların idarə olunması üçün 47 imtahan rəhbəri, 546 nəzarətçi-müəllim ayrılıb.

Yazı işləri (imtahan cavabları) DİM və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən yoxlanılacaqdır. Yazı işlərinin yoxlanılması üçün proqram təminatı Dövlət İmtahan Mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanıb.

Hər bir yazı işi əvvəlcə “scan” olunur və iki marker tərəfindən qiymətləndirilir (markerlərin qiymətləri arasında fərq yarandıqda həmin yazı işi proqram tərəfindən üçüncü markerə göndərilir). Yoxlama zamanı markerin kompüterinin monitorunda yazı işinin müəllifi haqqında heç bir məlumat (ad, soyad, ata adı, şagird kodu, ünvan və s.) verilmir. Monitorda yalnız yazı işi, yazı işini qiymətləndirmək üçün meyarlar və qiyməti daxil etmək üçün müvafiq sahə göstərilir. Proqram, həmçinin  namizədin  yazı işini onun yaşadığı zonadan olmayan markerlərin kompüterinə göndərir.

Bundan əlavə imtahanda namizədlərə təqdim olunan hər bir tapşırıq üçün ayrıca qiymətləndirmə meyarı hazırlanıb və markerlər hər hansı bir tapşırığa aid yazı işini yoxladıqda məhz həmin tapşırığın qiymətləndirmə meyarına əsaslanırlar. Qiymətləndirmə meyarlarında tapşırığın mümkün həll üsulları və ehtimal olunan (gözlənilən) cavablar nəzərə alınır. Qiymətləndirmə meyarı tapşırığın qiymətləndirilməsi üçün dolğun təlimatdır və marker yazı işini qiymətləndirərkən həmin tapşırığın qiymətləndirmə meyarından kənara çıxmamalıdır.

İmtahanda istifadə olunan açıq tipli tapşırıqların və inşanın (essenin) yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin imtahanın ikinci mərhələsi keçirilənədək elan olunması nəzərdə tutulur.