Əziz və hörmətli müəllimlər!

Line Spacing+- AFont Size+- Çap
05.10.2017

Hər il 5 oktyabr tarixi Müəllimlər günü kimi qeyd olunur. Bu gün müəllimlərin peşə bayramlarıdır. Hər bir insanın məktəb illərinə dair xatirələrində ən əziz yeri, əlbəttə ki, bizə sevgi və qayğı ilə qələm tutmağı, yazı yazmağı, kitab oxumağı öyrədən hörmətli müəllimlərimiz tutur. Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli peşələrdən biridir. Bu gözəl və şərəfli peşənin dəyərini bilən insanlar hər zaman müəllimlərə hörmətlə yanaşmışlar. Məhz müəllim əməyinin nəticəsində inkişaf etmiş cəmiyyətin formalaşmasına, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanların yetişməsinə nail olmaq mümkündür.

Dövlət İmtahan Mərkəzi fəaliyyəti boyunca daim müəllimlərlə birgə işləyib. Təsadüfi deyil ki, bu gün artıq imtahanların təşkili və idarəedilməsi işinə cəlb olunan 15 minə yaxın nəzarətçi-müəllim, imtahan materiallarının, qəbul proqramlarının, elmi-metodiki nəşrlərin hazırlanmasında iştirak edən 5 minə yaxın ekspert-müəllim bizimlə əməkdaşlıq edir və bizimlə bir yerdə təhsilin, elmin, biliyin daha da çiçəklənməsi işinə öz töhfələrini verməkdə davam edirlər.

Dövlət İmtahan Mərkəzi olaraq biz də bütün müəllimləri bu gözəl gün munasibətilə təbrik edir, onlara öz şərəfli və çətin peşələrində uğurlar arzulayırıq.