“Azərbaycanda dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsinin ilkin nəticələri

Line Spacing+- AFont Size+- Çap
 “Azərbaycanda dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsinin ilkin nəticələri
19.06.2017

ENPI/2016/378418, AZ/15/ENP/OT/40

loqo.jpg

2016-cı ilin noyabr ayından etibarən, Litva Respublikasından olan əməkdaş qurumlarla birgə həyata keçirilən “Azərbaycanda dövlət qulluğu sistemində islahatların davam etdirilməsinə dəstək” tvinninq layihəsinin ENPI/2016/378418, AZ/15/ENP/OT/40 əsas məqsədi Azərbaycanda dövlət qulluğu sisteminin peşəkar və davamlı inkişafına töhfə verməkdir.

Layihənin əsas hədəfi dövlət qulluğuna qəbula, xidməti fəaliyyətin qiymətləndirilməsinə və mükafatlandırma sisteminə təsir edəcək dövlət qulluğu vəzifələrinin qruplaşdırılması sistemini təşkil etməkdir.

Vəzifələrin təsnifatlandırılması işə qəbul, mükafatlandırma, təlimlər və digər sahələrdə önəmli rol oynamaqla, insan resurslarının idarəçiliyi sahəsinin ayrılmaz hissəsidir. Vəzifələrin təsnifatlandırılması insan resurslarının idarəçiliyi prosedurlarına təsir edən və onları əlaqələndirən mərkəzi oxu təşkil edir. Bu məsələyə ədalətli və şəfaff yanaşma peşəkar və rəqabətə davamlı dövlət qulluğu sisteminin inkişafına zəmanət verir.

Hazırda dövlət orqanları oxşar vəzifələr üçün fərqli qulluq funksiyaları və müxtəlif qəbul tələbləri: təhsil, dil bilgiləri, bilik və bacarıqlar və s. irəli sürürlər.

Bu şəraiti nəzərə alaraq, Litvalı ekspertlər dövlət qulluqçuları üçün bacarıq və qabiliyyət sistemi təyin etmək, vəzifələrin qulluq öhdəliklərini və iyerarxik sistemdəki yerlərini gözönündə tutmaqla onların təsnifatlandırılması, müxtəlif dövlət qulluqçusu qrupları üçün təhsil, təcrübə və digər tələblərin təkmilləşdirilməsi və qulluq funkisayalarının uyğunlaşdırılmasını təmin edəcək qanunvericilik aktlarının layihələrinin hazırlanması kimi təkliflər irəli sürmüşlər.

Ekspertlər inanır ki, fərqli dövlət qulluğu qrupları üçün əsas və ümumi tələblərin standartlaşdırılması hər şeydən öncə, namizədlərin tələblərə uyğunluğunun yoxlanıldığı qəbul sisteminin inkişaf etdirilməsinə yardımçı olacaq. Təklif edilən vəzifə təsnifatları tətbiq edildiyi halda, benefisiar ölkə (Azərbaycan Respublikası) qulluq funksiyalarının hazırlanmasını, hansı vəzifələrə ehtiyac olduğunu və bu vəzifələr üzrə hansı tələblərin qoyulmalı olduğunu daha sadə və obyektiv şəkildə həyata keçirə biləcəkdir. Bütün bunların da nəticəsində daha effektiv insan resursları idarəçiliyinə nail olunacaqdır.

Yuxarıda qeyd edilən təkliflərin təcrübi olaraq həyata keçirilməsi məqsədilə üç mərkəzi icra hakimiyyəti orqanı ilə cari ilin may ayında pilot layihənin həyata keçrilməsinə başlanmışdır. Bu orqanlar Əmək və Əhalinin Sosial Mühafizəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyidir. Pilot layihə çərçivəsində bütün dövlət orqanlarında analoji olan 9 ümumi istiqamət müəyyən edilmişdir. Bu istiqamətlər üzrə vəzifələrə ümumi qulluq funksiyaları və qəbul tələbləri təyin edilməsi məqsədilə şöbələrin əməkdaşları ilə bir sıra görüşlər keçirilmişdir. Layihə zamanı yeni vəzifə təsnifatlarının tətbiqi sahəsində əldə edilmiş ilkin nəticələr və gələcək planlar fərqli dövlət orqanlarından 23 nəfər insan resursları üzrə mütəxəssislə görüş təşkil edilərək onlarla paylaşılmışdır.