DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Astana şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov Astana şəhərində keçirilmiş beynəlxalq konfransda iştirak etmişdir
17.04.2017

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədr müavini Bəhram Xəlilov 2017-ci il aprelin 12-də Qazaxıstanın paytaxtı Astana şəhərində “Dövlət qulluğunun təkmilləşdirilməsi sahəsində tərəfdaşlıq” adlı beynəlxalq konfransda iştirak etmişdir. Tədbir Qazaxıstandakı BMT-nin İnkişaf Proqramı və Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın (Regional Xab) birgə təşkilatçılığı ilə həyata keçirilmişdir.

Konfransın keçirilməsində əsas məqsəd institusional və insan bacarıqlarının inkişafına töhfə verən Regional Xabın 4 illik fəaliyyəti ərzində əldə etdiyi nailiyyətlər, qazanılmış təcrübə və Regional Xabın fəaliyyətinin gələcək inkişaf perspektivləri barədə müzakirələr və fikir mübadiləsinin aparılması olmuşdur.

Tədbirdə Regional Xabın tərəfdaş ölkələrinin nümayəndələri və ekspertləri, beynəlxalq təşkilatların və Qazaxıstanda yerləşən diplomatik korpusun nümayəndələri iştirak etmişdir. Dövlət qulluğu üzrə məsul qurumların rəhbər vəzifəli şəxsləri müzakirələrdə iştirak edərək dövlət qulluğu sahəsində aparılan islahatlar və ölkələrinin bu sahədə qarşılaşdığı problemlər barədə çıxış edərək tərəfdaşlıq münasibətlərinin rolu, xüsusilə də bu problemlərin həllində Regional Xabın verdiyi töhfələr barədə çıxış etmişdir.

Avropa, Şimali Amerika, Cənub-Şərqi Asiya, Qafqaz və MDB ölkələrində son 20 il ərzində dövlət qulluğu sahəsində inkişaf və həyata keçirilmiş islahatlar barədə məsələləri əks etdirən Regional Xabın ekspertləri tərəfindən hazırlanmış “Dövlət qulluğunun inkişafında qlobal və regional trendlər” adlı araşdırmanın nəticələri konfrans iştirakçılarına təqdim edilmişdir. Tədbirdə dövlət xidmətlərinin çatdırılması, antikorrupsiya təşəbbüsləri, dövlət qulluqçularının motivasiyası və Regional Xabın tərəfdaşlarının ölkə profilləri, eləcə də Xabın dövri nəşriyyatı olan jurnalın və digər analitik məlumatların praktiki faydası xüsusi olaraq vurğulanmışdır.

Bəhram Xəlilov tədbirdə çıxış edərək Azərbaycan Respublikasının dövlət qulluğu sistemində həyata keçirilən islahatlar, Dövlət qulluğu haqqında Qanuna edilmiş son dəyişikliklər, həmçinin bu islahatların nəticəsi olaraq DİM-in yaradılması və onun fəaliyyətində dövlət qurumları, qeyri-hökumət təşkilatları, ali təhsil müəssisələri və media nümayəndələri ilə qurulmuş fəal əməkdaşlıq münasibətlərinin xüsusi əhəmiyyətini qeyd etmişdir. Beynəlxalq ikitərəfli və çoxtərəfli əməkdaşlığa da  xüsusi önəm verildiyini qeyd edən sədr müavini ölkədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlarla - Avropa İttifaqı, BMT-nin İnkişaf Proqramı (UNDP), Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ), Avropa Şurası ilə dövlət qulluğu sahəsində həyata keçirilən dəstək layihələrinin əhəmiyyətini, həmçinin ikitərəfli sazişlər çərçivəsində xarici dövlətlərin dövlət qulluğuna məsul qurumları arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərin göstərilməsinin önəmini vurğulamışdır.  

Qeyd edək ki, Regional Xabın yaradılması təşəbbüsü Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyi və BMT-nin İnkişaf Proqramı tərəfindən irəli sürülmüş və 2013-cü il martın 15-də iştirakçı dövlətlər (o cümlədən Azərbaycan Respublikası) tərəfindən imzalanmış Memorandumla Dövlət qulluğu sahəsində Regional Xab təsis edilmişdir. Xabın yaradılmasında məqsəd iştirakçı dövlətlər arasında dövlət qulluğu sahəsində davamlı bilik və təcrübə mübadiləsini həyata keçirən institusional şəbəkənin qurulmasıdır.

Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın Rəhbər Komitəsinin üzvüdür.

Daha ətraflı məlumatla keçiddən tanış ola bilərsiniz: http://www.regionalhub.org/