Vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələrinin nəzərinə!

Line Spacing+- AFont Size+- Çap
17.03.2017

Dövlət İmtahan Mərkəzi (DİM) mart ayı ərzində ümumtəhsil müəssisələrinin ümumi orta (9 illik) təhsil  səviyyəsi üzrə təhsilalanlar üçün buraxılış imtahanının birinci mərhələsini keçirir. Üzrlü səbəbdən bu imtahanlarda iştirak etməyən və ya eksternat qaydasında yekun qiymətləndirmədə (attestasiyada) iştirak edən şəxslər, o cümlədən, ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün bu imtahanlar aprel ayında keçiriləcəkdir. İmtahanın birinci mərhələsində şagirdlərin oxuyub-anlama, yazı və riyazi bacarıqlarını yoxlamaq məqsədilə açıq formalı (cavablar şagird tərəfindən müəyyənləşdirilib yazı ilə ifadə olunur) tipli tapşırıqlardan, yazı işlərindən istifadə edilir. Bu cür açıq formalı tapşırıqlar buraxılış imtahanlarında ilk dəfədir ki, tətbiq olunur və yazı işləri (imtahan cavabları) Dövlət İmtahan Mərkəzi və onun regional bölmələrində müvafiq təhlükəsizlik tələblərinə cavab verən ekspertiza (yoxlama) zallarında, qapalı şəraitdə, kompüter vasitəsilə markerlər tərəfindən yoxlanılacaqdır.

Məlum olduğu kimi ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən bütün qurumların fəaliyyətində ictimai iştirakçılığın geniş tətbiqinə, vətəndaş cəmiyyətinin inkişafına böyük önəm verilir. Ölkəmizin uğurlu inkişafının təmin olunmasında ictimai nəzarətin müstəsna əhəmiyyətini hər zaman xüsusi vurğulayan dövlət başçısı həyata keçirilən tədbirlərdə, onların idarəedilməsində ictimaiyyəti daha fəal olmağa çağırır. Cənab prezidentin qeyd etdiyi kimi “bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular baş verdikdə dərhal reaksiya verir. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir".

Bu məqsədlə DİM fəaliyyəti boyunca keçirdiyi imtahanların bütün mərhələlərində təhsil ictimaiyyətinin qəbul prosesinin idarə olunmasında iştirakına, bu sahəyə ictimai nəzarətin təşkilinə, ictimaiyyətin hərtərəfli məlumatlandırılmasına, qəbul prosesinin şəffaflığının təmin edilməsinə böyük önəm vermişdir. Şəffaflıq daim DİM-in əsas fəaliyyət prinsipi olmuşdur. DİM-in keçirdiyi imtahanların məzmunu həmişə açıq olub: fənlər üzrə qəbul proqramları, model testlər, sınaq və qəbul imtahanlarında istifadə olunan test kitabçaları, test tapşırıqları topluları və müxtəlif metodiki vəsaitlər hazırlanıb abituriyentlərin istifadəsinə verilmişdir. Qəbul kampaniyasının bütün gedişi və ayrı-ayrı mərhələləri ardıcıl olaraq internetdə, kütləvi informasiya vasitələrində işıqlandırılıb.

Qeyd edilənlərin davamı olaraq DİM ümumi orta təhsil bazasında buraxılış imtahanlarının keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili, prosesin şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şura yaradır. İctimai Şuranın üzvləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır. Proseslərə cəlb olunmazdan əvvəl Şura üzvlərinə təlimlər keçiriləcək və hüquq və vəzifələri izah ediləcəkdir.

Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələrinin nümayəndələri anket formasını buradan yükləyərək doldurub press@tqdk.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər.

Xatırladaq ki, İctimai Şuradakı fəaliyyətinə görə üzvlərə əmək haqqı, qonorar və başqa ödənişlər verilmir.