Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xətti ilə Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur

Line Spacing+- AFont Size+- Çap
18.07.2016

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında hərbi təhsil sahəsində bağlanmış müqaviləyə əsasən, 2016/2017-ci tədris ilində Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə kursantların qəbulu üçün müsabiqə elan olunur. Müsabiqədə 2016-cı ildə mülki ali məktəblərin IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 600‑dən yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 20 nəfərin siyahısı müəyyənləşdirilərək seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə  təqdim olunacaq. Seçim zamanı uğur qazanmış 10 nəfər namizədin Gülhanə Hərbi Tibb Akademiyasına təhsil almağa göndərilməsi planlaşdırılır.

Türkiyə Respublikasının Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsində təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar.                                                                 

1-ci kursda kursantlar hərbi and içir və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilir. Fakültədən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 27-dək Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1m) müraciət etməlidirlər.