“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir

Line Spacing+- AFont Size+- Çap
“Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir
17.06.2017

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri cənab Ramiz Mehdiyevin 11 aprel 2017-ci il tarixli 44 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının peşə bayramı gününün qeyd edilməsi ilə bağlı tədbirlər planı”na əsasən 16 iyun 2017-ci il tarixində Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil müəssisəsinin professor-müəllim heyətinin, yuxarı kurslarda təhsil alan bakalavr və magistrlərin iştirakı ilə “Dövlət qulluğu sisteminin mahiyyəti və əhəmiyyəti” mövzusunda tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədrinin müavini Bəhram Xəlilov, Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov, İctimaiyyətlə əlaqələr və kargüzarlıq şöbəsinin məsləhətçisi Pərviz Kazımov da iştirak etmişdir.

Tədbiri giriş nitqi ilə açan Mərkəzin sədr müavini B.Xəlilov qeyd etmişdir ki, dövlət qulluğu sahəsində Mərkəzin üzərinə düşən əsas fəaliyyət istiqamətlərindən biri də dövlət qulluğu və digər kadr məsələləri sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak etmək, dövlət qulluğuna qəbulu mərkəzləşdirilmiş qaydada, müsabiqə və şəffaflıq əsasında aparmaqdan ibarətdir.

Çıxışında dövlət qulluğuna qəbulda Azərbaycan modelinin yaradıldığını qeyd edən B.Xəlilov modelin artıq beynəlxalq səviyyədə tanındığını, Avropa və Asiya məkanında çox böyük maraqla qarşılandığını və bir sıra ölkələrin dövlət qulluğu siyasətini həyata keçirən qurumlarının dövlət qulluğuna qəbul sahəsində Azərbaycanın təcrübəsini öyrənmək və öz ölkələrində tətbiq etmək məqsədilə ölkəmizdə olduqlarını iştirakçıların diqqətinə çatdırmışdır.

DSC_0708.JPG

Tədbirdə “Dövlət qulluğuna qəbulun Azərbaycan modeli” mövzusunda təqdimatla çıxış edən V.Əsgərov iştirakçılara Azərbaycanda dövlət qulluğuna qəbulun karyeraya əsaslanan sistemə uyğun qurulduğu, dövlət qulluğuna qəbul mexanizmləri, yeni qaydalar, sertifikasiya sistemi və dövlət qulluğu siyasəti ilə bağlı Mərkəzin funksiyaları barədə məlumat vermişdir.

P.Kazımovun “Xəyal qurma, həyatın planlaşdırılması və duyğusal inkişaf” təlim xarakterli təqdimatında isə gənclərin duyğusal inkişafı, həyatın planlaşdırılması, motivasiya haqqında bəzi praktiki xarakterli məsləhətlər verilmiş, fərdi həyatın xoşbəxtliyə yönəlik proqramlaşdırılması üzrə psixoloji çalışma təqdim olunmuşdur. Təqdimatda, həmçinin peşə seçimində fərdin arzuları, dəyərləri və motivasiyasının rolunun önəmi vurğulanmışdır.

Sonda tədbir iştirakçılarının sualları cavablandırılmış və iştirakçılara “Dövlət qulluğuna qəbul qaydaları ilə bağlı nələri bilməliyik?” mövzusunda buklet təqdim olunmuşdur.