“Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlimçilər üçün təlim keçirilir

Line Spacing+- AFont Size+- Çap
20.04.2017

20-21 aprel 2017-ci il tarixlərində “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzusunda təlimçilər üçün təlim keçirilir. Təlim Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi və Avropa Şurası/Avropa İttifaqı Şərq Tərəfdaşlığı Proqram Əməkdaşlığı Çərçivəsində “Azərbaycanda korrupsiya ilə mübarizə və onun qarşısının alınması sahəsində bacarıqların artırılması” layihəsinin birgə təşkilatçılığı ilə həyata keçirilir.

Təlimin keçirilməsində məqsəd iştirakçıların dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində biliklərinin artırılmasından və müvafiq dövlət orqanlarında xidməti fəaliyyətin qiymətləndirilməsi ilə bağlı təlim keçəcək təlimçilərin hazırlanmasından ibarətdir.

Aprelin 20-də tədbirdə açılış nitqi ilə Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzinin Hüquqi təminat və insan resursları şöbəsinin müdiri Vüqar Əsgərov və Avropa Şurasının Bakı Ofisinin layihə rəhbəri Teodora Lukovic çıxış etmişlər.

V.Əsgərov təqdimatla çıxış edərək Azərbaycan Respublikasında dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsinin qanunvericilik əsası, xidməti fəaliyyətin qiymətləndirilməsinin məqsədləri, qiymətləndirmə sisteminin idarə edilməsi, qiymətləndirmənin təşkili, qiymətləndirmə prosesinin mərhələləri, qiymətləndirmə meyarları, dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi sahəsində aparılmış maarifləndirmə işləri və keçirilən təlimin məqsədlərindən danışmışdır.

Təlimdə Avropa Şurasının ekspertləri John Bierlee və Hendrik Bruning çıxışlar etmiş və qrup müzakirələri aparmışlar.

Təlim “Məqsədlər və terminologiya”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinə giriş və tarixi”, “Davamlı nəzarət və idarəetmə aləti olan qiymətləndirmə ilə strategiyadan fəaliyyətə”, “Vətəndaşlar və parlament üçün baxış və missiya”, “Xidməti fəaliyyətin qiymətləndirilməsinin tətbiqi” və s. məsələləri əhatə edir.

Tədbirdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında qulluq keçən 25 dövlət qulluqçusu iştirak edir.

Tədbirin sonunda iştirakçılara sertifikatların verilməsi nəzərdə tutulur.