Dövlət İmtahan Mərkəzinin icraçı direktoru ABŞ-da səfərdə olub

Line Spacing+- AFont Size+- Çap
Dövlət İmtahan Mərkəzinin icraçı direktoru ABŞ-da səfərdə olub
03.04.2017
2017-ci il 18 mart tarixində ABŞ-ın Corciya ştatının Atlanta şəhərində “Dövlət qulluğunda əməkdaşlıq: Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xaba üzv ölkələrdə dövlət idarəçiliyi üzrə son trendlər” mövzusunda panel sessiya həyata keçirilmişdir. Tədbir Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin İllik Konfransı çərçivəsində Cəmiyyət və Astanada yerləşən Dövlət Qulluğu üzrə Regional Xabın birgə təşəbbüsü ilə təşkil olunmuşdur. Sessiyanın keçirilməsində məqsəd dövlət qulluğu sahəsində formalaşan yeni trendlərin təqdim edilməsindən, iştirakçı dövlətlərin mövcud təcrübələri üzrə fikir mübadiləsi aparmaqdan, bu trendlərin ölkələr üzrə tətbiqi imkanlarının müzakirə edilməsindən ibarət olmuşdur. Tədbirdə Regional Xaba üzv ölkələrin, beynəlxalq təşkilatların, ABŞ-ın öndə gedən təhsil müəssisələrinin, QHT-lərin, beyin mərkəzlərinin nümayəndələri iştirak etmişlər. Azərbaycanı tədbirdə Dövlət İmtahan  Mərkəzinin icraçı direktoru Vəfadar Misirov təmsil etmişdir. 

Tədbiri giriş sözü ilə Regional Xabın Rəhbər Komitəsinin sədri cənab Alixan Baymenov açaraq dövlət idarəçiliyi sahəsində formalaşan qlobal trendlər barədə qısa məlumat vermiş, bu trendlərin ölkələr üzrə tətbiqi imkanları, onların gətirib çıxaracağı nəticələrlə bağlı müxtəlif fikirlər səsləndirmişdir. Daha sonra çıxış edən Dövlət İdarəçiliyi üzrə Amerika Cəmiyyətinin icraçı direktoru cənab Uilyam Şilds qonaqları salamlamış, tədbirin hər kəs üçün faydalı olacağına inandığını vurğulamışdır. DİM-in icraçı direktoru ABŞ-ın dövlət idarəçiliyinin əsas məqamları haqqında qısa çıxış etmiş, dövlət idarəçiliyinin təkmilləşdirilməsi üçün hansı işlərin görülə biləcəyi barədə danışmışdır. Cənab Şild tədbirin mövzusuna uyğun olaraq etdiyi çıxışında dövlət idarəçiliyi sahəsində əməkdaşlığın önəmini vurğulamış, əsasən Amerika cəmiyyətində müvafiq istiqamət üzrə formalaşmaqda olan trendlər barəsində məlumat vermişdir. 

Tədbirdə iştirak edən ölkələrin nümayəndələri öz ölkələrinin təcrübələri haqqında müxtəlif mövzularda təqdimatlarla çıxış etmişlər. 

Tədbir çərçivəsində Vəfadar Misirov “Azərbaycanın dövlət qulluğu sistemində son trendlər” mövzusunda təqdimatla çıxış etmişdir. Vəfadar Misirov çıxışının əvvəlində Azərbaycanla Regional Xab arasında mövcud əməkdaşlığın qısa tarixçəsi haqqında məlumat vermiş, bu əməkdaşlığın hər iki tərəf üçün olduqca faydalı olduğunu və bundan sonra da əlaqələrin davam etdirilməsində maraqlı olduqlarını vurğulamışdır. Daha sonra son dövrlərdə Azərbaycanın dövlət idarəçiliyində aparılan islahatlar, islahatların nəticəsi olaraq formalaşan trendlər, dövlət idarəçiliyinin optimallaşdırılması istiqamətində ölkə rəhbərliyinin gördüyü işlər, dövlət qulluğuna qəbul sahəsində edilən dəyişikliklər haqqında iştirakçılara ətraflı məlumat vermişdir.  İcraçı direktor həmçinin Dövlət İmtahan Mərkəzinin bu islahatlar nəticəsində yaradılan publik-hüquqi şəxslərdən biri olduğunu vurğulamış, Mərkəzin fəaliyyət istiqamətləri, qarşıya qoyulan məqsədlər barəsində də danışmışdır. 

Vəfadar Misirov tədbir müddətində iştirakçı təşkilatların bir sıra nümayəndələri ilə ikitərəfli görüşlər keçirmişdir. Görüşlər zamanı qaşılıqlı müzakirələr aparılmış, Azərbaycan təcrübəsi ilə bağlı onları maraqlandıran suallar cavablandırılmış və tərəflər arasında gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılmışdır.