DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib

Line Spacing+- AFont Size+- Çap
DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuat konfransı keçirib
17.03.2017

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının  sədri Məleykə Abbaszadə martın 17-də 2017/2018-ci tədris ili üçün Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu prosesinin başlanmasına həsr olunmuş mətbuat konfransı keçirmişdir.

Konfransda kütləvi informasiya vasitələrinin 30-dək nümayəndəsi iştirak etmişdir.

Qeyd olunmuşdur ki, ali və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu internet vasitəsilə aparılır və elektron ərizələrin təsdiqi aprelin 10-dək davam edəcəkdir. Ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə aprelin 4-də saat 17:00-da bitəcəkdir.

Məleykə Abbaszadə, həmçinin ümumtəhsil müəssisələrinin ümumi orta təhsil (9 illik) səviyyəsi üzrə təhsilalanlar üçün buraxılış imtahanının birinci mərhələsinin keçirilməsi, materialların emalı və yazı işlərinin yoxlanılmasına ictimai nəzarətin təşkili və şəffaflığının təmin edilməsi məqsədilə İctimai Şuranın yaradılacağı haqqında konfrans iştirakçılarına məlumat vermişdir. Sədr qeyd edib ki, Şuraya üzv olmaq üçün vətəndaş cəmiyyəti institutları, qeyri-hökumət təşkilatları, valideyn-müəllim assosiasiyaları, təhsil ekspertləri, kütləvi informasiya vasitələri nümayəndələri dim.gov.az saytında yerləşdirilmiş anket formasını doldurub press@tqdk.gov.az elektron ünvanına göndərməklə qeydiyyatdan keçə bilərlər. İctimai Şuranın üzvləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən formalaşdırılacaqdır.

M. Abbaszadə sonda KİV nümayəndələrinin suallarını cavablandırmışdır.