Tələbə Qəbulu üzrə Dövlət Komissiyasi 1992-2009-cu illərdə

2009-cu il

Fevralın 10-da TQDK-da məcburi köçkün rayonlarının təhsil şöbələrinin nümayəndələri ilə görüş keçirilmişdir. Görüşdə Füzuli, Laçın, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Şuşa, Xocalı, Kəlbəcər və Xocavənd rayon təhsil şöbələrinin nümayəndələri iştirak etmişlər. TQDK-nın sədri Məleykə Abbaszadə ölkə rəhbərliyinin məcburi köçkün rayonlarından olan soydaşlarımızın sosial rifah halının yaxşılaşdırılması, onların təhsil almaq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirdiyi çoxsaylı tədbirlər nəticəsində adı çəkilən rayonlardan olan gənclərin qəbul imtahanlarında əldə etdikləri nəticələrin əvvəlki illərlə müqayisədə yüksəldiyini bildirmişdir. Görüş iştirakçılarına “Abituriyent” jurnalının 1-ci sayı, siniflər üzrə test kitabçaları, “Elektron test vəsaitləri” və digər metodiki materiallar hədiyyə olunmuşdur.

Martın 3-də 2008-ci ilin qəbul imtahanlarının təhlili əsasında öz vəzifələrini yüksək səviyyədə həyata keçirmiş nəzarətçi-müəllimlərin təltif olunması ilə əlaqədar tədbir keçirmişdir. Mükafatçılar müəyyənləşdirilərkən çoxsaylı meyarlar nəzərə alınmış, nəzarətçilərin fəaliyyəti müxtəlif aspektlərdən araşdırılmışdır. Bu zaman onların nəzarətçi kimi bir neçə illik fəaliyyətləri, müxtəlif imtahanlarda zalı idarə etmə səviyyələri, imtahan texnologiyası qaydalarına əməl etmələri və s. vacib amillər əsas götürülmüşdür. Beləliklə, 91 nəzarətçi-müəllim TQDK tərəfindən fəxri fərmanla təltif olunmuş və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən nəşr edilən əsərlər, eləcə də TQDK-nın çap etdiyi metodiki vəsaitlər onlara hədiyyə olunmuşdur. Qəbul imtahanlarında fəaliyyəti yüksək qiymətləndirilən daha 94 nəzarətçi-müəllimə təşəkkür məktubları göndərilmişdir.

Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının regional bölmələrinin yaradılması və onların fəaliyyətinin təmin edilməsi məqsədilə 17 mart 2009-cu il tarixli, 37 nömrəli qərar qəbul edilmişdir. Həmin qərara müvafiq olaraq TQDK-nın Naxçıvan, Gəncə, Şəki, Lənkəran və Quba şəhərlərində regional bölmələrinin fəaliyyətini təmin etmək məqsədilə aidiyyatı orqanlara müvafiq tapşırıqlar verilmişdir.

Aprelin 13-də ali məktəblərinin magistraturasına internet vasitəsilə ərizə qəbulu prosesini həyata keçirən Sənəd Qəbulu Komissiyalarının nümayəndələri üçün xüsusi seminar məşğələ keçirmişdir. Tədbirdə çıxış edən TQDK sədrinin müavini Namiq Babayev “Elektron ərizə” qəbulu sisteminin proqram təminatı və sənəd qəbulunun aparılması qaydaları barədə məlumat vermişdir. Seminarda SQK üzvləri ərizə qəbulu sisteminin real rejimdə nümayişi ilə də tanış olmuşlar.

Müasir informasiya texnologiyalarının yaratdığı geniş imkanlar sayəsində vətəndaşlara göstərilən xidmətlərin asanlaşdırılması, təkmilləşdirilməsi istiqamətində müntəzəm olaraq yeniliklər edən Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu istiqamətdə daha bir addım atmışdır. Ödəmə kartlarının elektron satışına imkan yaradan yeni xidmət sayəsində “Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs TQDK-nın ödəmə kartlarını elektron formada almaq imkanı qazanmışdır.

Mayın 9-da Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ulu öndər, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə anım mərasimi keçirilmişdir. Tədbir ulu öndərin Komissiyanın foyesində ucaldılmış büstünün ziyarəti ilə başlanmışdır. Daha sonra TQDK kollektivinin iclası keçirilmişdir. TQDK-nın kollektivi Fəxri xiyabana gələrək, ümummilli liderin məzarı önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə gül dəstələri qoyulmuşdur.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə ölkəmizdə səfərdə olan Dünya Bankının Təhsil sahəsi üzrə nümayəndə heyətini qəbul etmişdir. Riçard Hopperin rəhbərlik etdiyi heyətlə görüşdə Azərbaycanda ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində islahatlar aparılması, bununla bağlı bank tərəfindən irəli sürülən layihənin ayrı-ayrı müddəaları ətrafında fikir mübadiləsi aparılmışdır.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının təşkilatçılığı ilə mayın 20-dən 22-dək Bakı şəhərində Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assessment) regional Konfransı keçirilmişdir. TQDK MDB ölkələri arasında TQBA -nın ilk üzvü və bu qurumun MDB ölkələri seksiyasına rəhbərlik edən bir təşkilat kimi onun keçirdiyi proqramların, illik beynəlxalq konfransların təşkilində mütəmadi olaraq iştirak edir. Regional konfrans “Təhsildə qiymətləndirmə: müasir vəziyyət və inkişaf perspektivləri” mövzusunda keçirilmişdir. Crown otelində təşkil olunan Konfransda İngiltərə, Niderland, Rusiya, Qazaxıstan və digər ölkələrin təhsilin qiymətləndirilməsi üzrə qurumlarının rəhbərləri, ekspertəri iştirak etmişlər.

TQDK Türkiyə Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları Ali Hərbi Məktəbində Azərbaycan gənclərinin təhsil alması üçün müsabiqə elan etmişdir. İştirak etmək istəyən şəxslər TQDK-nın internet saytında müvafiq səhifəyə daxil olaraq qeydiyyatdan keçmişlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında ali məktəblərə kecirilən qəbul imtahanlarında 600-dən cox bal toplayan gənclərlə avqustun 18-də (I ixtisas qrupu), 19-da (II ixtisas qrupu), 20-də (III ixtisas qrupu) və 21-də (IV ixtisas qrupu) goruş kecirilmişdir. Tələbə Qəbulu uzrə Dovlət Komissiyasının sədri M.Abbaszadə gəncləri boyuk muvəffəqiyyət munasibəti ilə təbrik etmişdir. TQDK-nın sədr müavini N.Babayev, eləcə də Komissiyanın şöbə müdirləri Tariyel Bədəlov və Arzu Bağırov qəbul imtahanlarında yüksək bilik nümayiş etdirərək tələbə adı qazanmış gəncləri maraqlandıran çoxsaylı sualları cavablandırmış, qəbul imtahanlarının gedişi, test suallarının məzmunu və qəbul kampaniyasının digər sahələri üzrə onların fikirləri, rəy və təklifləri ilə tanış olmuşlar.

Avqustun 30-da vergi orqanlarına işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilmişdir.

Oktyabrın 22-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında 2010/2011-ci tədris ili üçün ali və orta ixtisas məktəblərinə hazırlıq işləri çərçivəsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə metodiki seminar iclası keçirilmişdir. Qabiliyyət imtahanlarının təşkili və keçirilməsi metodikasını təkmilləşdirmək, bu sahədə mövcud problemlərin aradan qaldırılması istiqamətində müzakirələr aparmaq məqsədilə keçirilən tədbirdə TQDK-nın rəhbərliyi, ekspertləri və mütəxəssisləri, xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə mütəxəssis hazırlığı aparılan 14 ali məktəbin, 13 orta ixtisas məktəbinin nümayəndələri iştirak etmişlər. TQDK sədri Məleykə Abbaszadə seminarı növbəti tədris ilində keçiriləcək qəbul imtahanlarına hazırlıqla bağlı Komissiya tərəfindən geniş miqyaslı işlərin aparıldığını nəzərə çatdırmışdır. Sədr cari ildə keçirilmiş imtahan prosesinə cəlb olunmuş ekspertlərin, ayrı-ayrı mütəxəssislərin, müşahidəçilərin hesabatlarının, rəy və təkliflərinin təhlil edildiyini, ənənəvi elmi-statistik araşdırmalar aparıldığını qeyd etmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası oktyabrın 27-də Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. TQDK-nın internet saytında yerləşdirilmişdir. Müsabiqədə iştirak etmək üçün 545 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 18 nəfəri imtahana gəlməmişdir. İmtahanda 527 nəfər iştirak etmişdir. Namizədlərdən 285 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılmışlar. İmtahanda ən yüksək nəticə 87 bal olmuşdur.

Oktyabrın 31-də Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələrinə ARDNŞ təqaüdünün verilməsi üzrə elan edilmiş müsabiqədə iştirak edən tələbələr üçün test imtahanı keçirilmişdir.

TQDK oktyabrın 31-də Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə birgə oktyabrın Naxçıvan şəhərində "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirmişdir. Həmin gün Muxtar Respublikanın vergi orqanlarında işləmək istəyən namizədlər də test imtahanlı vermişlər. İmtahanların nəticələri həmin gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının internet saytında yerləşdirilmişdir. Naxçıvan MR prokurorluq orqanlarının müsabiqəsində iştirak etmək üçün 62 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 4 nəfəri imtahana gəlməmişdir. İmtahanda iştirak etmiş 58 namizəddən 31 nəfəri müsabiqə şərtini ödəyərək (60 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılmışlar. Naxçıvan MR vergi orqanlarının müsabiqəsində iştirak etmək üçün 15 nəfərin namizədliyi qeydə alınmışdı. Onlardan 2 nəfəri imtahana gəlməmişdir. İmtahanda iştirak etmiş 13 namizəddən 2 nəfəri müsabiqə şərtini ödəyərək (65 bal və daha yüksək nəticə) növbəti mərhələyə buraxılmışlar.

Online sınaq imtahanı
2010 © Bütün hüquqlar qorunur.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası
Komissiya ilə əlaqə